Keçid linkləri

2025, 31 Yanvar, Cümə, Bakı vaxtı 14:00

Şimali Qafqazda qadınlar yenidən evləndikdə uşaqlarının qəyyumluğunu itirirlər


Çeçenistan və İnquşetiyada yerli adət-ənənələr diktə edir ki, uşaqlar atalarına və ailəsinə məxsusdur.
Çeçenistan və İnquşetiyada yerli adət-ənənələr diktə edir ki, uşaqlar atalarına və ailəsinə məxsusdur.

Rusiyanın Şimali Qafqaz regionunda müsəlman qadınlar boşandıqda, yenidən evləndikdə və ya dul qaldıqda uşaqlarının qəyyumluğunu itirirlər. Səbəb isə bir çox ailə məhkəmələrinin dünyəvi milli qanunları nəzərə almaq əvəzinə, əksər hallarda yerli adət-ənənələri dəstəkləməsi və verdikləri qərarlarda da bunun öz əksini tapmasıdır.

Sanet (şəxsin təhlükəsizliyini qorumaq məqsədilə şərti addan istifadə olunur) yenidən evləndikdən sonra əvvəlki evliliyindən olan yaşı 12-dən az iki övladının qəyyumluğunu itirib. Keçən il İnquşetiyada ailə məhkəməsi Sanetin keçmiş ərinin xeyrinə qərar çıxarıb. Keçmiş ər uşaqlarının ögey ataları tərəfindən tərbiyə edilməsini istəmədiyini bildirib.

Sanetin üzləşdiyi bu vəziyyət mühafizəkar və, əsasən, müsəlman əhalinin yaşadığı bölgədə heç də nadir hal deyil.

Bu yerli inanc və adətlər Rusiya qanunları ilə ziddiyyət təşkil edir. Lakin bu inanclar tez-tez məhkəmə qərarlarına təsir edir və anaların boşandıqda, yenidən evləndikdə və ya dul qaldıqda uşaqlarının qəyyumluğundan məhrum edilməsinə səbəb olur.

Qəyyumluqla bağlı məhkəmədə keçirilən dinləmə zamanı hakim və Sanetin keçmiş ərinin vəkili ona açıq şəkildə deyiblər ki, yenidən evləndiyinə görə onun uşaqları saxlamaq hüququ yoxdur.

"Keçmiş ərim də yenidən evlənib, amma heç kim demir ki, uşaqlar ögey ana tərəfindən böyüdülməməlidir", - 31 yaşlı Sanet bildirib.

"Mənə dedilər ki, anadan fərqli olaraq atanın yenidən evlənməsi işə təsir etmir və uşaqları ata böyütməlidir", - o əlavə edib.

Məhkəmə Sanetə qızını həftədə bir dəfə, oğlunu isə ayda bir dəfə görmək hüququ verib. Lakin Sanetin sözlərinə görə, keçmiş əri tez-tez ona uşaqlarını görməyə icazə vermir.

Keçmiş ər həmçinin onu məhkəməyə verərək hər ay 26 min rubl (260 dollar) aliment ödəməsini tələb edib. Rusiyanın Federal Dövlət Statistika Xidmətinə görə, İnquşetiyada orta aylıq əməkhaqqı 39 min rubl (380 dollar) təşkil edir.

Vəkilin sözlərinə görə, məhkəmələrdə ataların vəkilləri tez-tez ananın yenidən evlənmək qərarından işi udmaq üçün arqument kimi istifadə edirlər.
Vəkilin sözlərinə görə, məhkəmələrdə ataların vəkilləri tez-tez ananın yenidən evlənmək qərarından işi udmaq üçün arqument kimi istifadə edirlər.

Qərəzli hakimlər

Bu regionda uşaqlarının qəyyumluğunu itirən qadınların dəqiq sayı məlum deyil. Lakin bu cür halların geniş yayıldığı güman edilir.

2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya hakimiyyətinə əri ölmüş çeçen qadın Luisa Tapayevanın uşaqlarının özünə qaytarılmasını təmin etmək barədə göstəriş verib. Luisanın əri öldükdən sonra uşaqların qəyyumluğunu alan qayınatası ona bildirib ki, "uşaqlar atanın ailəsinə məxsusdur". Rusiyada uşaqlarının qəyyumluğunu geri qaytara bilmədikdən sonra Tapayeva AİHM-ə müraciət edib.

Bölgədə fəaliyyət göstərən və təzyiqlərdən qorxduğu üçün adının açıqlanmasını istəməyən bir ailə vəkili bildirib ki, Çeçenistan və İnquşetiyada bir çox hakim yerli adət-ənənələrin təsiri altındadır və qərarlarında Rusiya qanunlarını deyil, bu adətləri tətbiq edirlər.

Vəkilin sözlərinə görə, qəyyumluq məhkəmələrində ataların vəkilləri tez-tez anaların yenidən evlənmək qərarından işi qazanmaq üçün bir arqument kimi istifadə edirlər.

Bir çox İslam aliminə görə, analar boşandıqda, lakin yenidən evlənmədikdə uşaqlarının qəyyumluğunu saxlamalıdırlar. Alimlərin fikrincə, atalar isə uşaqların harada yaşamasından asılı olmayaraq, onların maddi təminatını öhdələrinə götürməlidir.

"Belə arqumentlər eşidəndə onlara deyirəm ki, bu, dünyəvi bir məhkəmədir və əgər dinlərinə əsaslanan bir hökm istəyirlərsə, İslam məhkəməsi tapsınlar", - vəkil qeyd edib.

"Dəhlizdə mənə deyirlər ki, "bizim ənənələrimizdə ana yenidən evlənəndə uşaqları onunla buraxmaq olmaz". Amma onlardan soruşanda ki, "bəs bizim ənənələrdə anadan aliment tələb etmək varmı", bax, bu suala cavab verə bilmirlər", - o əlavə edib.

XS
SM
MD
LG