Seçkilərə bu dəfə ölkə üzrə 23 siyasi partiya qoşulub. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkilərdə iştirak etmədiyini açıqlayıb. Onlar ölkədə azad və ədalətli seçkilər üçün şəraitin olmadığını düşünürlər. Hərçənd rəsmilər bununla razı deyillər.
Son dönəmlər, ötən il də daxil, qanunvericiliyə dəyişikliklər edərək bələdiyyələrin sayı azaldılıb.1999-cu ildə ölkədə keçirilən ilk bələdiyyə seçkiləri ilə 2 min 757 bələdiyyə formalaşmışdı.
Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Qanunvericiliyin tələblərinə görə, bələdiyyə seçkiləri 5 il ərzində keçirilməlidir. Həmin müddət 2024-cü ilin dekabrın 24-də başa çatıb. Bəzi müstəqil hüquqşünaslar bələdiyyə seçkilərinin bir aydan çox gecikməsini qanun pozuntusu kimi dəyərləndirsələr də, bununla bağlı hər hansı rəsmi izahat olmadı. Amma ayrı-ayrı deputatlar mövzu ilə bağlı açıqlamalarında bunu 2024-cü ilin noyabrında Bakıda COP29 tədbirlərinin keçirilməsi ilə izah ediblər.