Yaxınları ictimai fəalın saxlandığını deyirlər
Bu gün, yanvarın 30-da ictimai fəal Cəlal Cavadovun saxlandığı bildirilir. Onunla yaxınlarının saat 16:00-dan əlaqəsinin kəsildiyi deyilir.
Dostları hesab edir ki, Cavadov noyabrın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı saxlanıb. Onun seçkilərdə müşahidəçi olduğu bildirilir.
Hələlik, məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Bəzi müstəqil namizədlərin tərəfdarları və müxalif qüvvələr seçkidə ciddi saxtalaşdırma hallarına yol verildiyini bildirirlər. Amma Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bütün dairələrdə seçkilər normal keçib: "Seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib".
MSK: Bələdiyyə seçkilərində seçici fəallığı 31.45 faiz olub
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 milyon 874 min 810 nəfər səs verib və seçici fəallığı 31.45 faiz olub.
Bələdiyyə seçkilərində kvorum yoxdur.
Seçki bitib, qutular açılmır
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutularının açılmadığı, səslərin sayılmadığı bildirilir.
Həmin dairədən namizəd Cəmilə Əlişeva deyib ki, məntəqə komissiyanın üzvləri seçki nəticələri protokolunu sabah, yanvarın 30-da verəcəklər: "Bu, ciddi qanun pozuntusudur. Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətimi bildirdim".
Mərkəzi və dairə seçki komissiyalarından şikayətə münasibət almaq mümkün olmayıb.