Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək?

Köçkün fələstinlilər Qəzzanın şimalındakı evlərinə qayıdırlar

ABŞ prezidenti Donald Trampın Qəzza zolağını "təmizləmək" və fələstinliləri qonşu ölkələrə köçürmək təklifi müttəfiqlər və ərəb dövlətləri tərəfindən tənqid olunub və rədd edilib.

Ekspertlərin fikrincə, Qəzzanın 2.3 milyonluq əhalisinin məcburi şəkildə Misir və İordaniyaya köçürülməsi regionu qeyri-sabitliyə sürükləyə və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll perspektivlərini məhv edə bilər.

Lakin eyni zamanda qeyd olunur ki, bu radikal təklif dünyanın ən çətin münaqişələrindən birinə həll tapmaq məsuliyyətini regiondakı ABŞ müttəfiqlərinin üzərinə qoya bilər.

Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil bildirib ki, Tramp Qəzza və İsrail mövzusunda son dərəcə həssas bir məsələdə ən radikal mövqeni tutur. Onun sözlərinə görə, "Tramp ABŞ-dən yardım və təhlükəsizlik baxımından asılı olan əsas müttəfiqlərə təzyiq göstərməklə yükün və məsuliyyətin bölüşdürülməsi hədəfinə nail olmağa ümid edir".

İki-dövlətli həll yolunun gələcəyi

Vaşinqton onilliklərdir ki İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll yolunu dəstəkləyir.

Lakin sərhədlər, yaşayış məntəqələri və Qüdsün statusu ilə bağlı dərin fikir ayrılıqları israillilər və fələstinlilər arasında irəliləyişə mane olub.

Fələstinlilər gələcək Fələstin dövlətinin Qəzza zolağını da əhatə etməsində israrlıdırlar. Buna görə də Trampın təklifi təkcə tənqidçilər deyil, Almaniya da daxil olmaqla ABŞ-nin müttəfiqləri arasında da narahatlıq yaradıb.

ABŞ-də yerləşən "Eurasia Group"un baş analitiki Qreqori Bryu deyib ki, Tramp hələ də İsrail-Fələstin münaqişəsinin gələcək həlli barədə aydın mövqe bildirməyib. "Lakin əgər ABŞ siyasəti fələstinlilərin Qəzzadan köçürülməsinə yönəlirsə, bu, müsbət irəliləyiş üçün məhdud imkanların olduğunu göstərir",- baş analitik əlavə edib.

Hazırda Qəzza sakinlərinin çoxu köçkün vəziyyətindədir və Fələstin anklavının böyük hissəsi İsrailin HƏMAS-a qarşı apardığı 15 aylıq dağıdıcı müharibə nəticəsində məhv edilib. Bu müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə gözlənilməz ölümcül hücumu ilə başlayıb.

İsrail və HƏMAS arasında döyüşlər yanvarın 15-də əldə edilən atəşkəs razılaşması çərçivəsində altı həftəlik dayandırılıb. Bu, müharibənin daimi dayandırılmasını, eləcə də Qəzzanın bərpasını nəzərdə tutan çoxmərhələli atəşkəs razılaşmasıdır.

Tramp yanvarın 25-də irəli sürdüyü təklifində Qəzza sakinlərinin mümkün köçürülməsinin müvəqqəti və ya uzunmüddətli ola biləcəyini bildirib.

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Eldad Şavitin fikrincə, İsrailin radikal sağçıları arasında fələstinlilərin Qəzzadan köçürülməsinə geniş dəstək var: "Onlar İsrailin bu ərazini işğal edib yeni yaşayış məntəqələri inşa edə biləcəyini düşünürlər".

Fələstinlilər Qəzza zolağının cənubundakı Rəfahda dağılmış evlərin və binaların xarabalıqlarının yanından keçirlər.

Tramp fikirlərini ABŞ-nin regiondakı mühüm müttəfiqləri, böyük həcmdə yardım alan İordaniya və Misirlə paylaşdığını deyib. Lakin hər iki ölkə mülki əhalinin məcburi köçürülməsi ilə bağlı hər hansı addıma açıq şəkildə etiraz edib.

E.Şavit bildirib ki, İordaniya və Misirin təklifi qəbul etmələrini gözləmək "ağlabatan deyil", çünki onlar artıq 1948-ci ildə İsrailin yaradılması və 1967-ci ildəki Ərəb-İsrail münaqişəsi nəticəsində köçkün düşən milyonlarla fələstinlini sığındırıb.

Onun sözlərinə görə, bu ölkələrin daha çox qaçqın qəbul etməsi onların sabitliyi üçün böyük bir risk ola bilər.

Ekspertlər deyirlər ki, Qəzza sakinlərinin köçürülməsi və nəticədə müstəqil Fələstin dövlətinin perspektivlərinin məhv edilməsi İsrail ilə regional güc olan Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq cəhdlərini də əngəlləyə bilər.

"Bunun Körfəz regionunda, xüsusən də Səudiyyə Ərəbistanında müsbət qarşılanacağını gözləmirəm, çünki Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin dövlətinin yaradılmasında müsbət irəliləyişi İsrail ilə normallaşma üçün bir şərt kimi qoyub", - "Eurasia Group"un baş analitiki Q.Bryu deyib.

Son illərdə bir neçə ərəb dövləti ABŞ tərəfindən vasitəçilik edilən "İbrahim razılaşmaları" çərçivəsində İsraillə münasibətləri normallaşdırıb.

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə Vaşinqtonda "İbrahim razılaşmaları"nın imzalanması mərasimində çıxış edir.

"Status-kvonu dəyişdirmək lazımdır"

Ekspertlər deyirlər ki, Vaşinqtonun müttəfiqləri və ərəb ölkələri arasında Trampın təklifinə qarşı sərt etiraz təklifin reallaşdırılmasının qeyri-mümkün olduğunu göstərir.

Q.Bryunun fikrincə, Trampın "hazırlıqsız şəkildə" etdiyi şərhlərdən çox mənalar çıxarmamaq lazımdır.

E.Şavit isə qeyd edib ki, Tramp böyük düşünməyi xoşlayır və o, öz müşavirləri ilə birlikdə status-kvonu dəyişdirməyə çalışa bilər. Onun məqsədi regiondakı tərəfləri münaqişəni çözmək üçün addım atmağa təhrik etməkdir.

"O, tərəfləri elə bir şəkildə silkələmək istəyir ki, onlar özləri üçün qəbul edib yaşaya biləcəkləri bir həll yolunu düşünsünlər", - israilli tədqiqatçı əlavə edib.

Şavitin fikrincə, "Tramp yeni bir Yaxın Şərq istəyir; o, Səudiyyə Ərəbistanının "İbrahim razılaşmaları"na qoşulmasını istəyir. Tramp regionda sülh yaradan və bunun üçün Nobel Sülh Mükafatını alan biri kimi görünmək istəyir".