'Təyyarə olayında Rusiya üzərinə düşəni etməsə, çətin Azərbaycan prezidenti Putinlə...'

AZAL-a məxsus "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı yer.

Ötən il, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı müəmmalar davam edir. Qəza nəticədə təyyarədə olan 67 nəfərdən 38-i ölmüş, 29-u sağ qalmışdı. Ölənlərin 23-ü Azərbaycan vətəndaşı idi.

Qəzadan artıq bir aydan çox keçməsinə baxmayaraq, onun səbəbləri ilə bağlı nəticələr açıqlanmayıb. Eyni zamanda, qəza ilə bağlı məsələlər Rusiya və Azərbaycanda hakimiyyətə yaxın medialarda qarşılıqlı iddialara səbəb olub. Azərbaycanda hökumətyönümlü medialar öz mənbələrinə istinadən artıq bu qəzada Rusiyanın günahı olduğu ilə bağlı sübutların mövcudluğundan bəhs edirlər. Rusiyada isə, əksinə, bir sıra media orqanları məsələ ilə bağlı Azərbaycan tərəfinin "əsassız" iddialar səsləndirməsinə, münasibətləri süni gərginləşdirməsinə diqqət çəkirlər.

Qəzadan bir neçə gün sonda Azərbaycan prezident İlham Əliyev də təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini demişdi. Prezident habelə vurğulayıb ki, Azərbaycan tərəfi öz tələblərini açıq şəkildə Rusiyaya bildirib: "Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir".

Dövlət başçısı qeyd edib ki, şərtlərdən birincisi artıq dekabrın 28-də təmin olunub: "Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək".

Rusiya prezidenti Vladimir Putinin dekabrın 28-də azərbaycanlı həmkarına zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istədiyi açıqlanıb. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Qəza ilə bağlı araşdırmanın ilkin nəticəsinin bu həftə açıqlanacağı gözlənirdi. Amma, hələlik, bu baş verməyib. Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev yanvarın 24-də keçirilən mətbuat konfransında demişdi ki, bütöv durumdakı qara qutular tam deşifrə olunub, nəticədə uçuş parametrləri və pilotların danışıqları müəyyənləşdirilib.

Bəs nəticələrin açıqlanması nədən gecikir və bu barədə Azərbaycanda nə düşünürlər?

Elman Məmmədov

Deputat: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, təyyarənin qara qutularından məlumat artıq Qazaxıstana göndərilib, Azərbaycana və Rusiyaya da veriləcək (istehsalçı şirkətin yerləşdiyi Braziliyada araşdırılıb): "Yaxın günlərdə də bu məlumatların açıqlanması gözlənilir".

Deputat qeyd edib ki, keçən bu dövr ərzində məsələ ilə bağlı çox fikirlər səslənib: "Eyni zamanda çox təəssüf ki, son 10-15 gün ərzində Rusiyada bir sıra rəsmi və qeyri-rəsmi mətbu orqanları sanki Azərbaycan üzərinə kütləvi hücuma keçiblər, Azərbaycanı və ölkə rəhbərliyini günahlandırmaqla məşğuldurlar. Necə deyərlər, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Onlar hansı mərkəzdən idarə olunur, komanda haradan verilib, özləri bilər. Yəqin ki, özbaşına deyillər və hansısa rəsmi mərkəzdən istiqamətləndirilirlər".

E.Məmmədovun sözlərinə görə, fakt ondan ibarətdir ki, vurularaq qəzaya uğrayan təyyarədə olan insanlar bir neçə ölkənin vətəndaşları olub: "Ancaq Azərbaycan vətəndaşları çoxluq təşkil edirdi. Ekipaj da Azərbaycanınkıdır. Təyyarə harada vurulduğu da məlumdur, bunu gizlətmək artıq mümkün deyil. Cənab prezidentimiz də ilkin şərtləri açıqladı və həmin şərtlərdə qeyri-adi heç bir şey yoxdur. Aviasiya sahəsində mövcud olan beynəlxalq konvensiyalar, sənədlər var. Şərtlər onlara istinad edilərək səsləndirilib ki, günahkarlar üzr istəməlidir, günahı etiraf etməli, təzminat ödəməlidir. Bu o demək deyil ki, burada Azərbaycan Rusiyanı aşağılayacaq tələbləri qoyur. Qətiyyən".

Komitə üzvü hesab edir ki, qəza ilə bağlı rəsmi nəticələr açıqlanandan sonra Rusiya günahkardırsa, günahını etiraf etməlidir: "Bir sıra xarici güc mərkəzləri var ki, onlar da Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi üçün dərindən qabıqdan çıxırlar. Biz Rusiyaya qarşı həmişə səmimi olmuşuq, niyyətimiz mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi olub. Bu gün də münasibətimiz normaldır. Düşünürəm ki, bu təyyarə qəzası ilə bağlı işlər yoluna qoyulacaq. İki dövlət arasındakı münasibətlərin pozulmasına doğru getmək düz olmaz".

Elxan Şahinoğlu

"İnanmıram ki, Rusiya hökuməti, o cümlədən Putin..."

"Artıq bizə bəllidir ki, qara qutudakı məlumatlar Rusiyanın elan etdiyi məlumatlarla üst-üstə düşmür", - deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, qara qutu ilə bağlı açıqlama gözlənilir: "Çünki bunu uzun müddət gizli saxlamaq mümkün deyil".

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə, ekspert hesab edir ki, münasibətlər olduqca gərgindir: "Prezident İlham Əliyevin üç tələbi var və o, onları bir neçə dəfə səsləndirib: üzrxahlıq, kompensasiya, cinayətkarların cəzalandırılması. Biri – üzrxahlıq alayarımçıq olub. Rusiya prezidenti hadisənin Rusiya səmasında olmasına görə üzr istədi".

E.Şahinoğlu xatırladır ki, 44 günlük müharibə zamanı Rusiyaya məxsus hərbi helikopterin vurulmasına və 2023-cü ildə "antiterror" tədbirləri zamanı həmin ölkənin sülhməramlıların həlak olmasına görə Azərbaycan tərəfi üzr istəyib: "Yəqin ki, Azərbaycan prezidentinə təsir edən odur ki, bu iki hadisədə günahkar tərəf Rusiya olsa da, onlar üzr istəyib, amma açıq-aşkar bizim sərnişin təyyarəmiz vurulduğuna və vətəndaşlarımızın həlak olmasına görə Rusiya haqlı tələblərimizi yerinə yetirmək istəmir".

Politoloqun fikrincə, qara qutuların məlumatları açıqlanandan sonra Rusiya sakit şəraitdə kompensasiya məsələsini həll etməyə çalışacaq: "Amma mən inanmıram Rusiya hökuməti, o cümlədən Putin cinayətkarların cəzalandırılması barədə tapşırıq versin. Putin hakimiyyətdə olduğu dönəmdə nə haradasa öz səhvini etiraf edib, nə də cinayətkarlar cəzalandırılıblar".

O qeyd edib ki, fevralda Azərbaycan və Rusiya prezidentlərinin strateji müttəfiqlik haqqında Bəyannamə imzalanmasının üç illiyi olacaq: "Bu təyyarə hadisəsindən sonra bu strateji sənədin heç bir siyasi qüvvəsi qalmayacaq. Təyyarə olayında Rusiya öz üzərinə düşəni etməsə, çətin təsəvvür edirəm, yaxın müddətdə Azərbaycan prezidenti Putinlə necə görüşə bilər? Münasibətlər gərgin olaraq qalır və əgər Rusiya şərtləri yerinə yetirməsə, münasibətlərin normalaşmasını çətin təsəvvür edirəm".