Serbiyanın baş naziri Miloş Vuçeviç istefasını mətbuat konfransında elan edib. Baş nazir bu qərarı artıq bir müddətdir davam edən kütləvi etiraz aksiyaları fonunda verib.
Mətbuat konfransında Vuçeviç "Novi-Sadın meri və mən Novi-Sadda baş verənlərə görə özümüzü obyektiv olaraq cavabdeh sayırıq və buna görə siyasi məsuliyyətimizi qəbul edərək istefa veririk" deyərək istefasını açıqlayıb.
"Baş nazirin istefası ilə bütün kabinet buraxılır, praktik olaraq bütün hökumət istefa verir. Yeni hökumət seçilənə və ya yeni bir siyasi qərar qəbul edilənə qədər işimizi məsuliyyətlə davam etdirəcəyik", - Vuçeviç bildirib. O əlavə edib ki, prezident Aleksandar Vuçiç onun istefa qərarını qəbul edib.
Serbiya Konstitusiyasına görə, əgər parlament baş nazirin rəsmi istefasından sonra 30 gün ərzində yeni hökumət seçə bilməzsə, prezident parlamenti buraxmalı və yeni seçkilər təyin etməlidir.
Serbiyada etirazlar noyabrda Novi-Sad şəhərində dəmiryol stansiyasının damının çökməsindən sonra başlayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub.
Bir çox insan faciəyə görə korrupsiyanı və tikinti işlərinə zəif nəzarəti günahlandırır.
Etirazlar əvvəlcə Novi-Sad faciəsinə yönəlsə də, sonradan Serbiya hakimiyyətinin etirazçıları həbs etməsi insanların qəzəbini artırıb.