Suriyanın yeni hökumətinin təmsilçiləri Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Rusiya rəsmiləri ilə görüşüblər. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevdən ibarət rəsmi nümayəndə heyəti ilə danışıqlarda "təzminat" və "keçmişin səhvlərinin düzəldilməsi" məsələsinin qaldırıldığı qeyd olunur. Bu barədə Dəməşqdə aparılan danışıqlara dair hökumətin yaydığı bəyanata istinadən Suriya mediası və beynəlxalq xəbər agentlikləri məlumat yayıblar.
"Reuters" Suriyanın hakim dairələrindəki mənbəyə istinadən bildirib ki, Suriyanın faktiki lideri Əhməd əs-Şaraa danışıqlar zamanı Moskvadan ötən ilin dekabrında ölkədən qaçan və Rusiyada sığınacaq almış prezident Əsədin ekstradisiyasını tələb edib. Lakin belə bir tələblə bağlı Suriya tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
"Dialoq zamanı Rusiyanın təzminat, yenidənqurma və reabilitasiya kimi konkret tədbirlər vasitəsilə Suriya xalqı arasında etimadının bərpa olunmasında rolu vurğulanıb... Yeni hökumət həmçinin vurğulayıb ki, münasibətlərin bərpası zamanı tərəflərin səhvlərinə diqqət yetirmək lazımdır", - hökumətin yaydığı məlumatda deyilir. Maddi təzminatın nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulubsa, hansı məbləğdə olduğu bəlli deyil.
Danışıqlardan sonra Boqdanov deyib ki, Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyi ilə bağlı məsələ həll edilməyib və əlavə danışıqların aparılması tələb olunur. Rusiyanın dövlət xəbər agentliyi TASS XİN rəhbərinin müavininə istinadən yazıb ki, hazırda Tartus və Xmeymimdəki Rusiya bazaların statusunda heç bir dəyişiklik yoxdur.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin Suriyaya səfərini vacib adlandırıb və deyib ki, Moskva Dəməşqdə yeni hökumətlə dialoq qurmalı və davam etdirməlidir. O, Suriya hakimiyyətinin təzminat tələbi ilə bağlı xəbəri şərh etməkdən imtina edib.
Ötən ilinin dekabrın əvvəlində Əsəd qaçdıqdan sonra Rusiyanın Suriya müxalifətinə qarşı ritorikası nəzərəçarpacaq dərəcədə dəyişib.
Suriyanın yeni hakimiyyət orqanları da daha əvvəl tarixi əlaqələri və geosiyasi maraqları vurğulayaraq Rusiya ilə münasibətləri davam etdirmək istəklərini ifadə etmişdilər.
Əhməd əs-Şaraa Suriyanın yeni prezidenti elan olunub
Suriya üsyançılarının lideri Əhməd əs-Şaraa "keçid hökuməti" müddətində ölkənin yeni prezidenti elan edilib. "Al Arabiya" və digər Yaxın Şərq mediası bu barədə məlumat yayıb.
Məhəmməd əl-Colani kimi tanınan əs-Şaraa Əsəd diktaturasına qarşı silahlı üsyana rəhbərlik edən islamçı "Həyat Təhrir əl-Şam" qruplaşmasının rəhbəridir. (Qruplaşma ABŞ, digər Qərb ölkələri və Rusiyada terrorçu kimi tanınır) 2024-cü il noyabrın sonu - dekabrın əvvəlində Bəşər Əsəd hökuməti devrildikdən və Əsəd Moskvaya qaçdıqdan sonra əs-Şaraa ölkənin yeni de-fakto lideri olub.
Əs-Şaraa bildirib ki, Əsədin devrilməsində iştirak edən bütün yarımhərbi qruplar ləğv olunmalı, onların üzvləri dövlət strukturlarında yer almalıdır. Keçmiş ordu və təhlükəsizlik orqanları da ləğv edilib. Suriyanın 2012-ci il konstitusiyası da ləğv edildiyi üçün keçid hökuməti yeni qanunlar hazırlamalı olacaq.
Əs-Şaraa keçid dövründən sonra Suriyada daimi hökumətin seçkilər yolu ilə qurulmalı olduğunu deyib. Lakin o, keçid dövrünün nə qədər davam edəcəyini açıqlamayıb.