BMT baş katibi 2 min 500 uşağı Qəzzadan təxliyə etməyə çağırır

İsrailin Qəzza zolağında qaçqın düşərgəsinə endirdiyi zərbədən sonra uşaqlar dağıntılara baxır

BMT-nin baş katibi Antonio Quterreş Qəzzada çalışmış ABŞ həkimləri ilə görüşdükdən sonra təcili müalicə üçün 2 min 500 uşağın Qəzzadan dərhal təxliyə edilməsi ilə bağlı çağırış edib. Quterreş yanvarın 30-da amerikalı həkimlərlə görüşündən dərindən təsirləndiyini bildirib. Görüşdən sonra X sosial mediasında paylaşım edərək "2 min 500 uşaq dərhal təxliyə edilməli, onların ailələrinə və icmalarına qayıtmaq hüququ təmin olunmalıdır", – deyə vurğulayıb.

Həkimlər görüşdə bu uşaqların qarşıdakı həftələrdə ölüm riski ilə üz-üzə olduğunu bildiriblər.

"Reuters" xəbər verir ki, Quterreşlə görüşən bu dörd həkim İsrail və HƏMAS (ABŞ və Aİ tərəfindən terrorçu qrup kimi tanınır) arasında 15 ay davam edən müharibə zamanı müxtəlif vaxtlarda Qəzzada könüllü fəaliyyət göstəriblər.

İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 12 mindən çox xəstənin tibbi təxliyə gözlədiyini bəyan etmişdi.

"Ən azı 2 min 500 uşaq qarşıdakı bir neçə həftə ərzində ölüm təhlükəsi altındadır. Bəziləri artıq bu dəqiqə dünyasını dəyişir. Bəziləri sabah öləcək. Bəziləri isə ondan sonrakı gün", - kaliforniyalı cərrah Ferouz Sidhva bildirib.

Stenford Universiteti Xəstəxanasının təcili yardım həkimi Ayeşa Xan isə Qəzzada olarkən burada protez və reabilitasiya imkanları olmayan çox sayda amputasiya edilmiş uşaqlarla qarşılaşdığını bildirib.

Qəzzada könüllü olmuş çikaqolu təcili yardım həkimi isə jurnalistlərə deyib ki, atəşkəs razılaşmasına əsasən, tibbi təxliyələr üçün mexanizm yaradılmalı idi: "Lakin biz hələ də həmin prosesin necə işlədiyini görməmişik".

Həkim uşaqların çıxarılması üçün heç bir rəsmi prosesin olmadığını da əlavə edib: "Bəs onlar geri qayıda biləcəklərmi? Hazırda Rəfah sərhəd-keçid məntəqəsinin yalnız çıxış üçün açılması müzakirə olunur, lakin bu, qayıtmaq hüququ olmadan çıxış deməkdir".

Yanvarın əvvəlində, atəşkəsdən öncə ÜST müharibənin başladığı 2023-cü ilin oktyabrından bəri onun dəstəyi ilə 5 min 383 xəstənin təxliyə olunduğunu açıqlamışdı. Bu xəstələrin əksəriyyəti ilk yeddi ay ərzində, Misirlə Qəzza arasındakı Rəfah sərhəd-keçid məntəqəsinin bağlanmasından əvvəl çıxarıla bilmişdi.

Xatırlatma

İsrail və HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Təxminən 1 min 200 nəfər, əsasən, dinc sakinlər öldürülüb, 251 nəfər girov götürülərək Qəzzaya aparılıb. İsrail buna cavab olaraq Fələstin anklavında dağıdıcı müharibəyə başlayıb. HƏMAS-ın nəzarətindəki Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu müharibə 46 mindən çox insanın ölümünə səbəb olub. İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza kütləvi dağıntılarla üzləşib və 2.3 milyon sakininin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

2025-ci il yanvarın 15-də tərəflər arasında atəşkəs əldə olunub. Bir neçə mərhələdən ibarət olan razılaşma HƏMAS-ın Qəzzadakı israilli girovları azad etməsi, 2 minə yaxın fələstinli məhbusun İsrail həbsxanalarından buraxılması, fələstinlilərin öz evlərinə qayıtması, HƏMAS tərəfindən idarə olunan anklava humanitar yardımın daxil olması kimi müddəaları ehtiva edir.