Qarabağ separatçılarına psixotrop maddə verilməsinə dair Ermənistanın iddiasını Bakı 'əsassız' sayır

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ separatçılarının məhkəməsi başlayıb. Yerevanda etiraz aksiyası keçirilib

Ermənistan baş naziri Nikol Paşinyan Bakıda həbsdə olan Qarabağ separatçılarına - tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın rəsmilərinə yasaqlanmış psixotrop maddələr verildiyini iddia edib.

N.Paşinyan yanvarın 25-də Ermənistan İctimai Televiziyasına müsahibəsində Bakıda məhkəməsi keçirilən şəxslərin azad edilməsi və geri qaytarılması istiqamətində "heç nə edilmir" tənqidini rədd edib: "Mən oradakı heç kimi öz rəqibim saymıram. Biz anlayırıq ki, olub-bitənlər yalnız ciddi narahatlıq yaratmaqla qalmır, həm də bölgədə yeni gərginliklər törətmək üçün istifadə edilir və istifadə ediləcək. Üstəlik, həmin şəxslərdən regional gərginlikləri körükləməyə yönəlmiş ifadələr almaq məqsədilə onlara yasaqlanmış psixotrop maddələrin verilməsi barədə kəşfiyyat bilgilərimiz var. Bu proses bizi çox narahat edir. Ola bilər, yasaq psixotrop maddələr vasitəsilə bu şəxslərdən Ermənistan Respublikasına qarşı cürbəcür yollarla faydalanacaqları ifadələr alınacaq. Biz bu məsələni çox yaxşı anlayır və bu məsələyə görə məsuliyyət daşıyırıq".

Paşinyan problemin çözümüylə bağlı çalışdıqlarını söyləyib.

Daha öncə amerikalı hüquqşünas və Qarabağdakı bölücü qurumun "dövlət naziri" olmuş Ruben Vardanyanın vəkili bildirmişdi ki, "əsirlərin geri qaytarılması məsələsi, görünür, Paşinyan hökuməti üçün öncəlikli məsələ deyil".

N.Paşinyan

Rəsmi Bakı Paşinyanın iddialarını "əsassız və gülünc" adlandırıb

Rəsmi Bakı Ermənistan baş naziri N.Paşinyanın sözügedən müsahibədə səsləndirdiyi bu fikirlərə cavab verib. Yanvarın 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, sözügedən "iddiaların heç bir əsası yoxdur". O, Paşinyanın bu fikirlərini "tam gülünc" kimi səciyyələndirib: "Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib".

Azərbaycan XİN sözçüsü ardınca əlavə edib: "Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir".

Bakıda həbsdə olan Qarabağ separatçılarının - tanınmamış "Dağlıq Qarabağ Respublikası" rəsmilərinin məhkəmə prosesi yanvar 17-dən başlanıb. Bu şəxslərə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib.

Sözügedən cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ savaşında yaşamını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkünlər və başqa şəxslərdir.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19 və 20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.

Qarabağdakı bölücü qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.