Bakıda məhkəmə önünə çıxarılan Vardanyan: 'Mənə 1 ay vaxt verin...'

Ruben Vardanyan

Bakıda həbsdə olan erməni milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan müdafiə hüququnun pozulduğunu iddia edir. O, haqqındakı cinayət işinin materiallarıyla tam şəkildə tanış ola bilmədiyini söyləyir.

R.Vardanyan yanvarın 27-də Bakıda keçirilən məhkəməsində belə deyib. Onun işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və daha iki hakimindən ibarət kollegiya baxır.

R.Vardanyan bildirib ki, iş materiallarıyla tam tanış olmadan müdafiəsini qurması mümkün deyil. Bu üzdən, materiallarla tanışlıqdan ötrü 1 ay vaxt istəyib: "Hüquqi baxımdan müdafiəyə hazır olmalıyam".

Milyarderin vəkili Avraam Berman iş həcminin böyüklüyündən öncə verilmiş 10 gün vaxtın yetmədiyini bildirib. O, müvəkkilinə müdafiəsinə hazırlaşmaq üçün yenidən vaxt verilməsini istəyib və bundan ötrü vəsatət qaldırıb.

Buna etiraz edən prokuror deyib ki, ötən iclasda Vardanyan vaxt istədi, ona 10 gün verildi. Yenidən vaxt istəmək "gərəksiz yerə məhkəməni uzatmaq" anlamına gəlir. Dövlət ittihamçıları işin məhkəmə baxışına verilməsini, məhkəmə istintaqına başlanmasını tələb ediblər.

R.Vardanyan və müdafiəçiləri indiki durumda işin məhkəmə baxışına verilməsinə etirazlarını bildiriblər.

Onların etirazına baxmayaraq, hakimlər də işin məhkəmə baxışına verilməsi haqda qərar qəbul ediblər. R.Vardanyana materiallarla tanışlıqdan ötrü 1 ay vaxt verilməsi haqda vəsatət də təmin olunmayıb. Məhkəmə baxışı fevralın 6-na təyin edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ruben Vardanyanın vəkili AzadlıqRadiosuna danışır: 'Məni Azərbaycana buraxmadılar'

Daha 15 nəfərin məhkəməsi gedir

R.Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın prezidenti olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət daha 15 nəfərin də məhkəməsi gedir. Onların da işinə eyni hakimlər kollegiyası baxır. Fərq yalnız ondadır ki, R.Vardanyan tək, onlarsa birlikdə mühakimə olunurlar.

A.Harutyunyan və digərlərinin işi üzrə yanvarın 27-də davam edən hazırlıq iclasında vəkillər təqsirləndirilən şəxslərə verilən ittihamlardan bir neçəsinə xitam verilməsi haqda vəsatət qaldırıblar. Müdafiəçilərin fikrincə, bir sıra ittihamın onlara aidiyyəti yoxdur.

Prokurorlar düşünürlər ki, məhkəmə prosesinin gedişində araşdırmalardan asılı olaraq, hansı ittihama xitam verilib-verilməməsi məsələsinə qərar verilə bilər. Bu üzdən, vəkillərin qaldırdığı vəsatətin təmin olunmamasını təklif ediblər.

Hakimlər də sözügedən vəsatəti rədd ediblər. Ötən hazırlıq iclasında təqsirləndirilən şəxslərdən bir çoxunun vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılmasını istəmişdilər. Məhkəmə yanvarın 27-də hazırlıq iclasının qərarını açıqlarkən, bu barədə də rəyini açıqlayıb. Həmin vəsatətlərin də rədd edildiyi bilinib.

A.Harutyunyan və digərlərinin işi də məhkəmə baxışına verilib. Onların da məhkəməsi fevralın 6-na təyin edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ separatçılarının məhkəməsi başlayıb. Yerevanda etiraz aksiyası keçirilib

500 min nəfər zərərçəkmiş qismində tanınıb

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həyatını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkün olanlar və başqa şəxslərdən ibarətdir. Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da Azərbaycan dövləti adından zərərçəkmiş qismində məhkəməyə qatılıb.

Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

R.Vardanyan işinə digər 15 nəfərlə eyni icraatda baxılmasını istəsə də, bu barədə vəsatəti təmin olunmayıb.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.