Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsində "MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aytac Əhmədovanın (Tapdıq) şikayətinə baxılıb.
Hakim Elbəyi Həsənovun sədrliyi ilə keçirilən prosesdə jurnalist barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatətin Xətai rayon Məhkəməsində təmin edilməməsi ilə bağlı qərardan şikayətə baxılıb.
Vəkil Cavad Cavadov bildirib ki, şikayət təmin edilməyib: "Aytac Tapdıq özü də məhkəmədə iştirak edib. O bildirdi ki, 10 ildən çoxdur MeydanTV ilə əməkdaşlıq edir və onun həbsi sırf jurnalist fəaliyyətinə görədir. Biz də hesab edirik ki, burada Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusu açıq-aşkardır. Obyektiv əsaslar olsa da, istintaq və məhkəmələr onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçmirlər".
Vəkil qeyd edib ki, məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.
24 yanvar
Jurnalist Aysel Umudova da evə buraxılmadı
"MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aysel Umudova ev dustaqlığına buraxılmayıb.
Vəkil Aqil Layıc bildirib ki, A.Umudovanın ev dustaqlığına buraxılması ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət etmişdi və məhkəmə bu gün, yanvarın 24-də vəsatəti təmin etməyib: "Biz bilirdik ki, qərar belə olacaq. Sadəcə bu bir prosedurdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyimiz üçün ondan keçməliyik".
Müdafiə tərəfindən bildirildiyinə görə, A.Umudova məhkəməyə heç vaxt istintaqdan yayınmadığını, şahidlərə təsir etmədiyini deyib, ona görə də onu həbsdə saxlamağa əsas yoxdur: "O şərləndiyini bildirib, həbsini jurnalistika fəaliyyətinə bağlayır".
23 yanvar
Məhkəmə jurnalist Aytac Tapdığı da ev dustaqlığına köçürməkdən imtina edib
Yanvarın 23-də Bakının Xətai rayon Məhkəməsi MeydanTV ilə əməkdaşlıq etdiyi bildirilən jurnalist Aytac Tapdıqın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə vəkil Cavad Cavadov bildirib.
Müdafiə tərəfi hesab edir ki, jurnalistin həbsdə saxlanması üçün əsas yoxdur, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamları uydurmadır.
A.Tapdıq özü jurnalist fəaliyyətinə görə təqib edildiyini bildirib. Müdafiə tərəfi jurnalisti ev dustaqlığına və ya girov əvəzində azadlığa buraxmağı xahiş edib. Lakin məhkəmə onu həbsdə saxlayıb.
17 yanvar
'MeydanTV işi' üzrə həbs olunan jurnalistlərin şikayəti təmin edilməyib
"Meydan" televiziyası ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən Aynur Qəmbərova (Elgünəş) və Natiq Cavadlının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, müdafiə tərəfindən verilmiş vəsatət yanvarın 17-də Xətai rayon Məhkəməsində baxılıb.
Vəkil qeyd edib ki, məhkəmədə A.Qəmbərova jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib və həbsini siyasi motivli adlandırıb.
E.Sadıqov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
Ötən il dekabrın 8-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı saxlanılanların məhkəmə prosesi keçirilib. Məhkəmə Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayilzadə (Deko) və Ülvi Tahirov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən əlbir törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Jurnalistlərin hamısı "qaçaqmalçılıq" ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər. Onlar dekabrın 6-da saxlanmışdılar.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.