Müdafiə və güc strukturlarında çalışanların maaşları artırıldı

İlham Əliyev

Azərbaycanda bu ilin əvvəlindən müdafiə, güc və daha bir çox strukturlar üzrə maaşlar 10 faiz artırılıb. Bununla bağlı prezident İlham Əliyev bu gün, yanvarın 27-də fərmanlar imzalayıb.

Siyahıya Müdafiə Nazirliyinin, Daxili Qoşunların Baş İdarəsinin, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşları, habelə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları daxildir.

Eyni zamanda, Prezidentin Təhlükəsizlik Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları da unudulmayıb. Həmçinin, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 10 faiz artıb.

Onlardan başqa, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları, Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları da yaddan çıxarılmayıb.

Prezidentin başqa bir fərmanı ilə bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları 10 faiz artırılıb. Söhbət yuxarıda adı çəkilən qurumlardan gedir.

İ.Əliyev bundan öncə, yanvarın 7-də də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarını 15 faiz artırmışdı.

Onda isə söhbət Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, bütünlükdə 20 civarında qurumdan gedirdi.

Bu ildən Azərbaycanda həmçinin minimum əməkhaqqı da artırılıb. Əvvəllər 345 manat olan minimum əməkhaqqı bu ildən 400 manata çatdırılıb.

Amma bu il Tarif Şurası ölkədə qazın, elektrikin və daha bəzi xidmətlərin qiymətini limitlərdən asılı olaraq artırıb.