Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş rejimini dayandırmaq qərarına gəliblər. Sözügedən razılaşma bu gün, yanvarın 27-də Aİ Xarici İşlər Şurasının iclasında qəbul olunub. AzadlıqRadiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak xəbər verir ki, bu qərar yaxın günlərdə qüvvəyə minəcək.
Qərarın qəbul edilməsi üçün yekdillik tələb olunmurdu və yalnız 15 ölkənin səsi kifayət edirdi. Macarıstan və Slovakiya qərara qarşı səs veriblər, amma bu ümumi nəticəyə təsir etməyib.
Daha əvvəl isə legitimliyi beşinci prezident Salome Zurabişvili və müxalifət tərəfindən tanınmayan Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi simvolik bir addımdır və onun heç bir praktiki əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, diplomatik pasport sahibləri Aİ ölkələrinə adi pasportla səfər edə biləcəklər.
Xatırlatma
2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanla Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.
Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.