Birləşmiş Ştatlar prezidenti Donald Tramp Çinin "DeepSeek" şirkətinin yüksəlişini "ABŞ texnologiya sənayesi üçün bir xəbərdarlıq siqnalı" adlandırıb. "DeepSeek" startapının "DeepSeek-R1" süni intellekt çat-botunun ortaya çıxması Uolt Stritdə ciddi təsirlər yaradıb. Belə ki, "Nvidia" kimi böyük texnologiya şirkətlərinin səhmləri kəskin şəkildə dəyər itirib. BBC xəbər verir ki, çip nəhəngi bazar dəyərində təxminən 600 milyard ABŞ dolları itirib.
Bu, ABŞ-nin süni intellekt sahəsindəki üstünlüyünün gələcəyi və Amerika şirkətlərinin planlaşdırdığı investisiyaların miqyası ilə bağlı suallar doğurur.
"DeepSeek R1" istifadəyə verildikdən cəmi bir həftə sonra ABŞ-də ən çox yüklənən pulsuz tətbiqə çevrilib.
Bu xəbərə münasibət bildirən prezident Tramp Çinin süni intellekt sənayesindəki son inkişafının ABŞ üçün "müsbət" ola biləcəyini deyib.
"Əgər bunu daha ucuz edə, daha az xərclə eyni nəticəyə nail ola bilirsinizsə, bunun bizim üçün yaxşı bir şey olduğunu düşünürəm", - Tramp jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin bu irəliləyişdən narahat olmadığını əlavə edib və ABŞ-nin bu sahədə üstün mövqeyini qoruyacağını vurğulayıb.
BBC-nin məlumatına görə, "DeepSeek" bəzi ölkələrdə kibertəhlükəsizliklə bağlı narahatlıqlara da səbəb olub. Avstraliyanın elm naziri Ed Husiç bu məsələdə ehtiyatlı davranmağa çağırıb. O, yerli ABC telekanalına müsahibəsində bu tətbiqlə bağlı sualların yarana biləcəyini deyib: "Zamanla keyfiyyət, istehlakçı üstünlükləri, məlumat və məxfilik idarəçiliyi ilə bağlı cavablandırılması lazım olan bir çox sual meydana çıxacaq".
Tərtibatçıları iddia edirlər ki, "DeepSeek-R1" təxminən 6 milyon dollara başa gəlib – bu, rəqiblərin xərclədiyi milyardlarla müqayisədə əhəmiyyətli dərəcədə azdır.
CNN qeyd edir ki, "DeepSeek"in ortaya çıxması Birləşmiş Ştatların süni intellekti dəstəkləyən qabaqcıl çip texnologiyalarının Çinə satışını məhdudlaşdırdığı bir vaxta təsadüf edir. Çiplərin sabit tədarükü olmadan işlərini davam etdirmək istəyən Çin şirkətləri öz işlərini bir-birləri ilə bölüşüblər və texnologiyaya dair yeni yanaşmaları sınaqdan keçiriblər. Nəticədə əvvəlkindən qat-qat az hesablama gücü tələb edən süni intellekt modelləri yaranıb.