Sevginar Mahmud üçün 1984-cü ilin 26 dekabrı sanki dünən olub. Həmin gün rəfiqəsiylə birgə güllə yarası almışdı. Yol kənarındakı bir çuxurda da qonşuları ağrı içində canlarını tapşırırdılar. O, kəndə basqın edib adını əlindan almaq istəyən hərbçini də unutmayıb.
1984-cü ilin dekabrında – 40 il öncə Bolqarıstanın kommunist hökuməti türk mənşəli vətəndaşlarına bolqar ad və soyadlarının zorla verilməsi üçün qəddar və aramsız kampaniyaya başlatmışdı. Bu, vahid bolqar kimliyini yaratmaq məqsədi güdən "Dirçəliş Prosesi"nin bir hissəsi idi. Üstəlik, kampaniya zamanı türk dilindən istifadə, türklərin dini və mədəni adət-ənənələrinə müraciət məhdudlaşdırılmışdı.
Repressiyalar üzündən 2 min 500-dək türk yaşamınıı itirmiş, növbəti 5 il boyunca 320 min türk deportasiya olunmuşdu. Bu kampaniya 20-ci əsrdə Avropada müsəlmanların ən böyük məcburi assimilyasiya cəhdlərindən biri idi. Ancaq bolqarıstanlı türklər bugünədək deyirlər ki, nə ədalət bərqərar olub, nə də hər hansı bir idarə və ya şəxs məsuliyyətə cəlb edilib.
Adların zorla dəyişdirilməsi haqda söz-söhbət yayılınca…
O zaman Mahmudun 18 yaşı vardı. O, Bolqarıstanın güneyində, əksəriyyəti türk olan Kırcalı rayonunun Qruyevo kəndində yaşayırdı.
Zorla adların dəyişdirilməsi haqda söz-söhbət yayılınca, yerli sakinlər küçələrə axışdılar. Təlaşlı sakinlər 1984-cü il dekabrın 26-da bölgənin şəhər mərkəzlərindən biri olan Momçilqradda toplaşdılar.
Mahmudun sözlərinə görə, atışma səsləri qulaq batırsa da, o, Momçilqradda etirazçılara qoşulmağa qərar verdi.
"Qorxmurduq, axı suçumuz yox idi. Əlimizdə heç nə, hətta çubuqlar yox idi. Adi kənd camaatı idik, axı", - Mahmud AzadlıqRadiosunun Bolqarıstan xidmətinə belə deyib.
Etirazlar öncə dinc xarakter daşıyırdı. Özünü itirmiş və təlaş keçirən vətəndaşlar adlarının dəyişdirilməsiylə bağlı hakimiyyətdən cavab almağa çalışırdı. Ancaq sonradan etirazlar zorakı hal aldı. Ordu və polis izdihamı dağıtmaq üçün su şırnaqlarını, dəyənək və döyüş vasitələrini işə saldı.
Etirazçılar canını qurtararkən, Mahmudun rəfiqəsi Fəriştə belindən güllə yarası aldı. Mahmud möhkəm qanaxma yaşayan rəfiqəsini xəstəxanaya çatdırdı. Orada,- dediyinə görə,- heç vaxt unuda bilməyəci bir səhnənin şahidi oldu. Xəstəxanaya gətirilən 17-aylıq Türkan adlı qız dərhal keçindi.
Mahmud özü ilə Fəriştənin qana bulaşmış paltarını götürüb kənd sakinlərini xəbərdar etmək üçün Qruyevoya qayıtdı. "Mən onlara paltarı göstərdim. Baxın, onlar insanlara atəş açır. Heç kimə aman vermirlər, - dedim", - Mahmudun sözləridir.
Ordu həmin axşam kəndə gələndə sakinlər artıq hazır idi. "Onlar atəş açmağa başladılar, amma biz qaçmadıq. Uşaqdan böyüyədək bütün kənd sakinləri küçədə idi", - Mahmud deyir. Sakinlər əl-ələ verib bir növ zəncir yaratdılar və təkərlərə od vurdular.
Ağrıdan çığırıb-bağırsalar da…
Etirazçılar güvənlik qüvvələrinə tab gətirə bilmədikcə, atışma kəskinləşirdi.
Mahmud xatırlayır ki, kəndin üç sakini - Əbdüləziz Bəkir, Mustafa Əli və Mustafa İbrahim qüllə yarası alandan sonra küçədəki çuxurların birinə yıxıldılar. Ağrıdan çığırsalar da, əsgərlər onlara yardım göstərməyə icazə vermirdi.
Sonra Kırcali rayonunda asayış bərpa olundu, komendant saatı elan edildi və polisin varlığı gücləndirildi. Ətraf dünyayla əlaqə kəsilmişdi. Kommunist hökuməti şəxsiyyəti təsdiqləyən sənədləri sakinlərdən alıb zorla onların adlarını dəyişdirirdi. Sevginara Snejana adını verdilər. Onlar hətta məzar daşların üzərindəki türk adlarını da pozurdular.
Sərt kommunist rejimi üç ay boyunca 800 mindən çox insanın adını zorla dəyişdi.
Küçədə türkcə danışmaq, dini və mədəni adətləri yaşatmaq yasaqlanmışdı. Məhdudiyyətlər 1989-cu ildə kommunist rejimin çöküşünədək qüvvədə idi. Hakimiyyət təxribatçı saydığı şəxsləri məhkəmə və araşdırma olmadan həbs düşərgələrinə yerləşdirirdi.
Todor Jivkovun rəhbərliyi altındakı kommunist rejimi öz sonuncu ilində 320 min bolqarıstanlı türkü "Böyük ekskursiya" adlı əməliyyatla deportasiya etdi. Bolqarıstanlı türklərin üçdə birinin deportasiyası 1946-cı ildə Çexoslovakiyadan qovulan Sudet almanlarının kütləvi köçündən sonra ən böyük sürgün idi.
Ancaq Mahmudun ailəsi sürgün edilmədi. O, AzadlıqRadiosunun "niyə" sualını da cavablamadı. Daha doğrusu, cavab verməkdən boyun qaçırdı.
Bəzi türklər iqtisadiyyat üçün önəmli olduqlarından və ya hakimiyyət orqanları ilə şəxsi əlaqələri səbəbiylə deportasiyadan yayına bildi. Hökumətin bilgisinə görə, digər etnik türklər artıq assimilyasiya edilmişdi.
Adların geri qaytarılması prosesi hələ bitməyib
1989-cu ilin noyabrında, Jivkovun çöküşündən sonra etnik türklər yenidən etiraz etmək üçün küçələrə çıxanda kommunist partiyası bolqarıstanlı türklərin və müsəlmanların hüquqlarını bərpa etdi, onların adlarını geri qaytarmaq qərarına gəldi (bu proses bu günədək davam edir) və yenidən türkcə danışmağa icazə verdi. 1991-ci ilin sonunda 200 minədək etnik türk Bolqarıstana geri döndü.
1990-cı illərin əvvəlində Jivkov və digər yüksəkvəzifəli kommunistlər etnik türklərə qarşı cinayətlərdə, o sıradan "milli ədavət və ya nifrətin təbliğində, yaxud qızışdırılmasında" suçlandılar. Ancaq onların məhkəmə işləri uzandığından ittihamlar getdikcə yüngülləşdirildi və sonda ləğv edildi. Təqsirləndirilənlərin hamısı mühakimə olunmadan dünyasını dəyişdi.
Mahmud ədalətin bərqərar olunmasına ümid etmir: "Biz bilirdik ki, heç kəs cəzalandırılmayacaq. Biz burada azlığıq".
Fərqli hesablamalar olsa da, 6.8 milyon əhalisi olan Bolqarıstanda indi, azı, 500 min etnik türk yaşayır.
Bu il fərqli şəhərlərdə, o sıradan Momçilqradda "Dirçəliş Prosesi"nin 40 illiyinə həsr olunmuş anım mərasimləri keçirilib. Mərhum Türkanın adına xatirə fontanı var. Bolqarıstanda yaşayan etnik türk icmasının üzvləri və Türkiyədən gələn nüfuzlu şəxslər 2024-cü il dekabrın 29-da həmin hadisələrin ildönümünü qeyd etsələr də, tədbirə həlak olanların xatirəsini yad etmək üçün bolqarıstanlı hökumət nümayəndələri qatılmayıb. Heç bir rəsmi bəyanat da verilməyib.
Hazırda Mahmudun 58 yaşı var. O, hələ də zorakılığın baş verdiyi ərazidə yaşayır. Bolqarıstanda etnik türklər indiyədək, özəlliklə dövlət sektorunda, iş və ali təhsil sahəsində sosial-iqtisadi bərabərsizlik və ayrıseçkilik kimi maneələrlə qarşılaşsalar da, Mahmudun həyatı öz axarına qayıdır. Onun bir oğlu və bir qızı, üç nəvəsi var. Kosmetika şirkətlərinin birində çalışır, bəzən də İngiltərədəki qohumlarına baş çəkir.
Di gəl, 1984-cu il olayları bugünədək onu ağrıdıb- diksindirir. "Heç vaxt rəfiqəmi və Türkanı unutmayacağam", - onun sözləridir.
Yazını AzadlıqRadiosunun Bolqarıstan xidmətinin əməkdaşı Katerina Vasilyeva hazırlayıb.