Jurnalistlərə bəzi məntəqələrdə çəkilişə icazə verilmədi, deputat bunu yuxarıların tapşırığı saymır

Sizin brauzer HTML5-i dəstəkləmir

"Yığışdır deyirəm" - Bələdiyyə seçkiləri nələrlə yadda qaldı?

Bu gün, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində bəzi məntəqələrdə jurnalistlərin və müşahidəçilərin çəkiliş aparmasına imkan verilməməsi ilə bağlı şikayətlər var. 15 saylı Yasamal birinci seçki dairəsinin 10 və 37 saylı məntəqələrində AzadlıqRadiosunun əməkdaşının da çəkiliş aparmasına icazə verilməyib. Həmin dairənin 37 saylı seçki məntəqəsində onlara deyilib ki, "siz media subyekti deyilsiniz, akkreditasiyadan keçməmisiz".

15 saylı Yasamal birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsində də eyni durum yaranıb, çəkilişə icazə verilməyib, üstəlik, jurnalist polislə təhdid edildiyini söyləyir.

Onlardan başqa, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində də çəkiliş aparmaq istəyən jurnalist problemlərlə üzləşib.

Jurnalistlərin və müşahidəçilərin çəkiliş aparmasına maneçilik törədilməsi şikayətlərinə Mərkəzi Seçki Komissiyasından (MSK) dəfələrlə zəng vursaq da münasibət ala bilmədik.

Zahid Oruc

Milli Məclisin insan haqları komitəsinin sədri Zahid Oruc isə mərkəzi hakimiyyət orqanlarının müşahidəçilərin və jurnalistlərin fəaliyyətinə maneçilik törədilməsi üçün xüsusi tapşırıq verdiyinə inanmır. O hesab edir ki, pozuntu adıyla yayılan kadrlar ümumi seçki mənzərəsini əks etdirmir.

"Media təmsilçilərinin istənilən məntəqədə müşahidə və ya videoçəkiliş aparması onların hüququdur. Məncə, buna hər hansı maneə də yoxdur. Haradasa, hansısa məntəqədə prosesə qanuni tələblər çərçivəsində deyil, özəl münasibət göstərilərsə, bununla bağlı qaldırılan məsələlər, heç şübhəsiz, sonda dəyərləndiriləcək", - o vurğulayıb.

Əslində Seçki Məcəlləsində də seçki məntəqələrində jurnalistlərə hər hansı məhdudiyyət yaradılması nəzərdə tutulmur. Məcəllənin 2.6.2. maddəsində də yazılır: "Öz peşə fəaliyyəti ilə məşğul olan media subyektləri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq…".

Məcəlləyə görə, "media subyektlərinin nümayəndələri bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən hesablanmasını müşahidə edə bilərlər".