AzadlıqRadiosu Brüsseldəki mənbələrinə istinadən bildirir ki, Macarıstan nümayəndələri Avropa İttifaqı (Aİ) ölkələrinin yanvarın 26-da Belarusda keçirilən prezident seçkisini rədd etməyi nəzərdə tutan birgə bəyanatının qarşısını alıblar.
Aİ-nin birgə bəyanatı üçün 27 üzv ölkənin nümayəndələrinin imzasına ehtiyac var. Lakin Macarıstanın bundan imtinası nəticəsində birgə bəyanat əvəzinə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın adından bəyanat verilib. Bəyanatda 26 yanvar seçkisinin azad və ədalətli olmadığı bildirilib. Aİ-nin top diplomatı Belarus hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.
Kallasın sözlərinə görə, rejimin seçkilərdən yalnız 10 gün əvvəl ATƏT-in müşahidəçilərini dəvət etməsi onlara bütövlükdə seçki prosesini effektiv izləməyə imkan verməyib.
"Bu, bu seçkilərə olan tam etimadsızlığın daha bir sübutudur", –Kallas bəyanatında bildirib.
Keçən həftə Macarıstan 27 Aİ ölkəsi adından Belarusdakı "antidemokratik" prezident seçkisi ilə bağlı seçkidən əvvəlki bəyanatı da imzalamaqdan imtina edib. Slovakiya da ilkin mərhələdə Macarıstana qoşulsa da, sonradan bu ölkənin nümayəndələri bəyanatı imzalamaq qərarına gəliblər.
Lukaşenko 7-ci müddətə prezidentliyini 'təmin etdi', Aİ seçkini 'saxta' saydı
Belarusun avtoritar lideri Aleksandr Lukaşenko yeddinci müddətə prezident postuna seçilməyi təmin edib. Avropa İttifaqı liderləri bu seçkini "saxta" adlandırıb.
Səslərin hamısı sayıldıqdan sonra Belarusun Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən, 26 yanvar seçkisində Lukaşenkonun 86.8 faiz səs topladığını açıqlayıb. Onun ən yaxın rəqibi Sergey Sirankov isə 3.2 faiz səs qazanıb.
Daxili İşlər Nazirliyi seçki məntəqələrində ciddi pozuntuların qeydə alınmadığını bildirib. Nazirlik "Telegram" kanalında bildirib ki, polis əməkdaşları və hərbi qulluqçular seçki zamanı ictimai təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçiriblər.
30 ildir ki hakimiyyətdə olan və Rusiyanın müttəfiqi sayılan Lukaşenko yanvarın 26-da səs verdikdən sonra mediaya açıqlamasında Belarusda "sərt demokratiya"nın mövcud olduğunu deyib. Lakin müxalifət, hüquq müdafiə təşkilatları və Qərb bu fikirlə razılaşmır.
Aİ və Belarus müxalifəti seçkini "saxta" adlandırır
Vaşinqtonda yerləşən "Freedom House" hüquq-müdafiə təşkilatı son hesabatında Belarusu "seçkilərin açıq şəkildə saxtalaşdırıldığı və vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı avtoritar dövlət" kimi xarakterizə edib.
Litvada yaşayan müxalifət lideri Svetlana Tixanovskaya X sosial şəbəkəsində Avropanın müxtəlif şəhərlərində seçkilərə etiraz aksiyalarının keçirildiyini yazıb. O bildirib ki, "Belarus azadlıq tələb edir".
Seçkilərdən əvvəl Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri seçkinin legitimliyini və Lukaşenkonun gözlənilən qələbəsini şübhə altına alıblar.
Avropa Parlamentinin sədri Roberta Metsola seçkini "saxta" adlandıraraq X sosial şəbəkəsində yazıb: "Belarus xalqına mesajım: Güclü olun, biz sizin yanınızdayıq, diktatura dövrü başa çatacaq".
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə Lukaşenkonu 30 ildir hakimiyyətdən yapışmaqda günahlandıraraq onun növbəti "saxta" seçkidə özünü yenidən təyin edəcəyini bildirib. O, X sosial şəbəkəsində paylaşımında bunu "demokratiyaya açıq-aşkar hörmətsizlik" adlandırıb.
Lakin Lukaşenko tənqidləri rədd edərək Qərb liderlərinin bəyanatlarına əhəmiyyət vermədiyini bildirib.
"Bu seçkiləri tanıyıb-tanımamaq – zövq məsələsidir. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, belaruslular bu seçkiləri tanıyır", – o, yanvarın 26-da Minskdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.