"Gürcü arzusu" partiyası Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb. Bu, AŞPA-nın Gürcüstanı yeni parlament seçkilərinin tarixini təyin etməyə çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul etməsindən sonra baş verib. Sözügedən qətnamə 114-13 səs çoxluğu ilə qəbul edilib. Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani qətnamənin şərtlərini "qəbuledilməz, ədalətsiz və əsassız" adlandırıb.
Qətnamə Gürcüstan hakimiyyətini aprel ayına qədər yeni parlament seçkilərinin tarixini təyin etməyə, bütün siyasi məhbusları azadlığa buraxmağa və mübahisəli qanunlara yenidən baxmağa çağırır. Bu tələblər Tbilisidə və ölkənin digər bölgələrində Avropayönümlü etiraz aksiyalarını davam etdirən nümayişçilərin çağırışları ilə üst-üstə düşür.
"News Georgia" nəşrinin məlumatına görə, Tsulukiani qətnamənin yeni seçkilər keçirilməsi tələbini "Gürcüstanın suverenliyinin pozulması və 1 milyon 120 mindən çox "Gürcü arzusu" seçicisinin iradəsinin nəzərə alınmaması" kimi dəyərləndirib və bunu "qətiyyən qəbuledilməz" adlandırıb.
"Tərəfimizdən bu tələbi qəbul etmək seçicilərimizə və dolayısı ilə cəmiyyətimizin böyük hissəsinə xəyanət etmək olardı. Yuxarıda qeyd olunanlara əsasən, biz – Strasburqda olan Gürcüstan parlament nümayəndə heyətinin üzvləri bugündən etibarən AŞPA-dakı fəaliyyətimizi dayandırırıq", - Tsulukiani yanvarın 29-da bildirib.
Xatırlatma
"Gürcü arzusu" ötən ay keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilinin namizədliyini prezident postuna irəli sürüb və daha sonra onu hakimiyyətə gətirib. Bu addım 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkilərinin azad və ədalətli olmadığı ilə bağlı iddialara baxmayaraq atılıb.
Partiya seçkilərdə qalib gəldiyini iddia etsə də, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu prosesin səslərin satın alınması, ikiqat səsvermə, fiziki zorakılıq və təzyiqlərlə müşayiət olunduğunu bildirib.
Buna cavab olaraq, ölkədə antihökumət etirazları başlayıb. Noyabrda hakimiyyətin Gürcüstanın Avropa İttifaqına qoşulması ilə bağlı danışıqları təxirə salmaq qərarı bu etirazları daha da gücləndirib.
Hakimiyyət nümayişlərə sərt şəkildə müdaxilə edib, yüzlərlə insan həbs olunub, həmçinin etirazçılar Çin istehsalı olan üztanıma kameraları vasitəsilə izlənilib.