Türkmənistanda qatı senzuradan keçən qəzetlərdə tək-tək gerçək xəbər görərsən. Bu qəzetlər oxumağa yararsız olduğundan insanlar onlardan başqa məqsədlər üçün yararlanırlar.
Əvvəllər gündəlik dövlət qəzetləri də daxil, əsasən, prezident Sərdar Berdiməhəmmədovu və atasını - keçmiş prezident Qurbanqulı Berdiməhəmmədovu tərifləməklə məşğul olan qəzetlərdən tualet kağızı kimi, ya da əşyaları bükmək və ocaq qalamaq üçün istifadə edilirdi.
İndi isə hökumət dövlət qulluqçularını qəzet və jurnallarda hakim ailənin fotolarının dərc olunduğu səhifələri mühafizə etmək öhdəliyi götürməyə məcbur edir və onlara bununla bağlı xüsusi sənəd imzalatdırır.
AzadlıqRadiosunun türkmən xidməti və radionun əməkdaşı Kris Rikltonun hazırladığı yazıda deyilir ki, dövlət qulluqçuları və tələbələr çox zaman dövlət qəzetlərinə abunə olmağa məcbur edilir. İnsanların yoxsul yaşadığı Türkmənistanda azad mətbuat tam yasaqlanıb.
Ölkənin qərbində yerləşən Balkan əyalətindən anonimlik şərtiylə AzadlıqRadiosuna danışan bir dövlət qulluqçusu deyib ki, yeni il başlanandan bəri onun yaşadığı şəhərdə dövlət qurumları işçilərinə dövlət qəzetlərinin "kirlənməsinə" imkan verməmək tapşırılıb.
"Balaca uşaq prezidentin şəklini cırıb korlasa… işimizi itirə bilərik"
Balkan əyalətindən olan başqa bir dövlət qulluqçusunun sözlərinə görə, dövlət qurumları insanların bu əmrə tabe olmasını izləmək üçün hər qəzet səhifəsinə QR kod çap edə, bununla da həmin çirkləndirilmiş qəzetin hansı fərdi abonentə göndərildiyini anlaya biləcəklərini deyiblər.
"Artıq evdə uşaqlara qəzetlərə əl vurmağa icazə verməyə də qorxuruq. Balaca uşaq prezidentin şəklini cırıb korlasa və onu küçədə atsa, biz işimizi itirə bilərik", - anonimlik şərtiylə danışan həmin işçi deyib.
Dövlət işçiləri abunə olmağa məcbur edildikləri qəzetləri nadir hallarda oxuyur, ya da evdə və işdə gündəlik işlərdə istifadə edirlər.
Yağışlı aylarda qəzetlərdən ayaqqabı altlığı kimi istifadə edilməsi çox yayılıb. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğundan qəzetlərdən ayaqyolunda da çox istifadə edirlər.
"Sərhədsiz Reportyorlar" (RSF) da daxil, beynəlxalq media təşkilatları Türkmənistanı davamlı olaraq dünyanın media azadlığı baxımından ən pis vəziyyətdə olan ölkələri siyahısına daxil edir.
67 yaşlı Q.Berdiməhəmmədov 2022-ci ildə prezident vəzifəsini 43 yaşlı oğlu Sərdara ötürəndən bəri durum dəyişməyib. Ata Berdiməhəmmədov hələ də ölkənin əsas qərar verəni sayılır.
RSF bildirir ki, müstəqil media qurumlarının mövcud olmadığı ölkələrdə jurnalistika "yalnız rejimi tərifləmək üçündür".
Hökumət fərqli düşüncəni amansızlıqla boğmaqdadır
Tənqidçilər döyülür, işgəncələrə məruz qoyulur, həbsə atılır və hətta qətlə yetirilir. Bir çoxları da könüllü şəkildə ölkədən çıxmağa məcbur edilib.
Ötən il AzadlıqRadiosunun 35 yaşlı keçmiş müxbiri Hudayberdı Allaşov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Dəstəkçiləri onun xəstəliyinin hökumətin basqılarından qaynaqlandığını deyirlər.