7 ilə yaxındır həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə prokuror bir müddət öncə daha 10 il cəza istəmişdi. Bu iş yekunlaşdırılmaq ərəfəsində olsa da, yanvarın 30-da hakim elan edib ki, H.Abdullayevin işi üzrə məhkəmə istintaqı yenilənir.
Söhbət 5.5 milyonluq vəsaitin leqallaşdırılması ittihamıyla bağlı məhkəmə prosesindən gedir. Sabiq deputata verilən bu ittihama yarım ilə yaxındır Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ancaq H.Abdullayevin özünü məhkəməyə gətirmirlər. O, sağlamlığındakı problemlər üzündən saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəməyə qatılır.
Keçmiş deputatın işinə baxan hakimlərdən Azər Tağıyev yanvarın 30-da məhkəmədə H.Abdullayevin prezidentə məktub göndərdiyini bildirib. Məktubun surətinin məhkəməyə daxil olduğunu deyən hakim orada yazılanları diqqətə çatdırıb.
"Əminəm ki, bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüf ki, barəmdə sizə yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq", - H.Abdullayev müraciətində belə yazıb.
"Anama qovuşmağıma kömək etməyinizi Sizdən xahiş edirəm"
İstər Almaniyada mühacir həyatının, istərsə həbsdə olduğu dövrün həyatının ağır dönəmləri olduğunu yazan sabiq deputat nəticədə sağlamlığının, demək olar, tam əldən getdiyini vurğulayıb. Onun sözlərinə görə, müraciətinin məqsədi də səhhətindəki problemlərə və yaşlı anasının düşdüyü duruma diqqət çəkməkdir: "Sağlamlığımı, bugünə qədər həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq, anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm".
H.Abdullayev məktubunda həyatını şüurlu şəkildə Heydər Əliyevə xidmətə həsr etdiyini, azadlığa çıxarsa, İlham Əliyevə qarşı xoşagəlməz davranışının olmayacağını vurğulayıb.
Məhkəmədə məktubun açıqlanmasından sonra H.Abdullayevə ifadə vermək, sualları cavablandırmaq təklif olunub. O, verilən ittihamı yalan saydığından və özünü təqsirli bilmədiyindən ifadə vermək istəmədiyini söyləyib: "Hamısı iftiradır, mən nə deyim, axı?! Ona görə də əlavə heç nə demək istəmirəm".
Ardından söz alan prokuror H.Abdullayevin mövqeyini dəyişmədiyini, əvvəlki kimi, ona daha 10 il əlavə cəza verilməsini tələb edib. Prokuror cinayət yoluyla əldə edilmiş 5.5 milyonluq vəsaitin leqallaşdırılmasıyla bağlı sabiq deputata verilən ittihamın məhkəmədə sübuta yetirildiyini də deyib.
Fevralın 13-də H.Abdullayevin müdafiəçiləri prokurorun istədiyi cəzaya münasibət bildirəcək, ardından sabiq deputat özü son sözünü deyəcək və hökm oxunacaq.
Xatırlatma
H.Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib.
Ötən il bu cəzanın başa çatmasına 40 gün qalmış, onun haqqında yenidən cinayət işi başlanıb və keçmiş deputata Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsiylə ittiham verilib.
H.Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.
O, ilk dəfə 2007-ci ildə deputat olduğu dövrdə parlamentdə Fəzail Ağamalı ilə davadan sonra xuliqanlıq ittihamıyla həbs olunmuşdu. Şərti cəza ilə azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya mühacirət edərək orada sığınacaq almışdı.