Ötən həftənin ən yaddaqalan hadisələri ABŞ-də Donald Trampın andiçmə mərasimi, İmişli etirazlarından sonrakı həbslər oldu.
Dünyanın gözü okeanın o tayına - ABŞ-də yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə dikildi. Trampın andiçmədən sonra imzaladığı bir sıra sənədlər narahatlıqla qarşılandı. Prezident xarici yardımı 90 gün müddətinə dayandırdı və bunu belə əsaslandırdı ki, "ABŞ-nin xarici yardımı mənim xarici siyasətimə uyğun olmayan bir şəkildə verilməyəcək".
Azərbaycanda USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən de-yure dayandırılıb. Bunu isə bir həftə öncə xarici işlər naziri Ceyhun Bayramov deyirdi. Onun iddiasına görə, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi və bu səbəbdən bu layihələrin dayandırılması tələb olunub. USAID isə Azərbaycan xalqına dəstək verməyə sadiqliyini bildirdi. Agentlik 1991-ci ildən bəri Azərbaycanda humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub.
D.Trampın imzaladığı fərmanlardan biri də ABŞ-də doğulanlara avtomatik verilən vətəndaşlıq hüququnun ləğvi ilə bağlıdır. İnsan hüquqları qrupları bu fərmanı "qəddar və ölkənin prinsiplərinə zidd" adlandırıblar. Artıq demokratlar tərəfindən idarə olunan 22 ştat, Kolumbiya dairəsi və San-Fransisko şəhərində oxşar əsaslarla məhkəmə iddiaları qaldırılıb.
ABŞ Cənubi Qafqaza yeni yanaşma sərgiləyəcəkmi?
Azərbaycan prezidenti İlham Əliyev D.Trampa təbrik məktubunda əminliyini bildirib ki, onun gələcək fəaliyyəti "dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq". İ.Əliyev son bir ayda müsahibələrində Trampın seçkidə qələbəsindən dəfələrlə danışıb, onun dönəmində ikitərəfli əlaqələrin strateji səviyyəyə çatdırıla biləcəyini deyib. Bundan əvvəlki administrasiya ilə əlaqələr bir xeyli gərgin idi.
ABŞ Helsinki Komissiyası ötən ilin oktyabrında yaydığı hesabatda bildirirdi ki, Vaşinqton Cənubi Qafqaza yanaşmasını yenidən dəyərləndirməlidir. Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdır.
İndilik Tramp administrasiyası Cənubi Qafqazla bağlı hansısa mövqe sərgiləməyib. Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığında isə Ermənistan və Azərbaycan arasında "uzunmüddətli və ləyaqətli" sülhün təmin olunmasının vacibliyi müzakirə olunub.
Noyabr seçkisindən sonra bəzi yerli və xarici siyasi şərhçilər Trampın Cənubi Qafqaz regionuna xüsusi maraq göstərməyəcəyini, bunun isə Rusiyanın nüfuzunu genişləndirə biləcəyini deyiblər. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən (CSIS) Cefri Mankof isə dekabrda açıqlanmış "Qafqaz əsiri? Cənubi Qafqazda ABŞ strategiyasına doğru" adlı hesabatda yazır ki, Cənubi Qafqaz Birləşmiş Ştatlar üçün prioritet təşkil etməyə bilər, ancaq bu regionun geostrateji əhəmiyyəti onun əhali sayını, yaxud ÜDM-ini üstələyir. Müəllifin fikrincə, Cənubi Qafqazın Avropa İttifaqı və Birləşmiş Ştatların ayrı-ayrı müttəfiqləri üçün əhəmiyyəti artır.
İmişlidə həbslər, işgəncə iddiaları
Yanvarın 18-də İmişli şəhərində DYP avtomobilinin törətdiyi ağır yol qəzasından sonra həbslər davam etdi.
Yüksək sürətlə hərəkət edən avtomobilin yol kənarında gedən uşaqlara dəyərək xəsarət yetirməsi nəticəsində üç uşaq ölüb, biri yaralanıb. Həmin gün İmişlidəki etiraz aksiyasında saxlananlara işgəncə verildiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna yerli mənbələr məlumat veriblər. "Avtomobili aşıranlar, onu təpikləyənlər və "istefa" şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub", -- mənbə deyib.
AzadlıqRadiosuna danışan siyasilər İmişlidə baş verənləri siyasi etiraz saymasa da, hakimiyyəti bundan dərs çıxarmağa çağırıblar. Onların fikrincə, ölkədə ya ciddi seçkilər, ya da etimad doğuran sosioloji sorğular keçirilməlidir.
'İlham Əliyev istəyir ki, hamı yaltaqlansın, yalanla yaşasın'
Yanvarın 21-də "AbzasMedia işi" üzrə məhkəmə davam etdi. Nəşrin icraçı direktoru Ülvi Həsənli deyib ki, korrupsiya araşdırmaları, məmur özbaşınalığı barədə materialları yayımlarkən prezident İlham Əliyevin qəzəbinə tuş gələcəyini bilirdilər. Buna baxmayaraq, jurnalistikanın prinsiplərinə xəyanət etmədən fəaliyyətlərini davam etdirməyə qərar vermişdilər.
"İlham Əliyev istəyir ki, hamı yaltaqlansın, yalanla yaşasın. Yaxşı atalar sözü var: "dostunu göstər, deyim kimsən". Onun dostu Kiselyov, Solovyov, Mirşahindir. Bizim dostlarımızsa Sevinc, Nərgiz, Elnarə, Fərid, Hafiz və digərləri... Bizim işdə cinayət işini hazırlayan da, ittihamçı da, məhkəmə qərarını verən də eyni adamdır. Əlbəttə ki, İlham Əliyev!", - Ü.Həsənli deyib.
AŞPA-nın qış sessiyası başlayır
Bu həftə, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlanır. Azərbaycanın qurumdakı səsvermə hüququ bir ildir dondurulub. Sonradan Bakı həmin müzakirələrdə Azərbaycanın əleyhinə səs vermiş deputatları qara siyahıya saldı. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar. Yanvarın 21-də bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı mandatı bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazılara artan repressiyası Avropa Şurasının prinsip və dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
Hakimiyyət təmsilçiləri insan haqlarının durumu ilə bağlı tənqidləri qəbul etməsələr də, yerli və beynəlxalq hüquq müdafiəçiləri ölkədə azı 330 nəfərin siyasi motivlərlə həbs olunduğunu vurğulayırlar.