Keçid linkləri

2025, 31 Yanvar, Cümə, Bakı vaxtı 13:56

'Qubad İbadoğlunu çağırıb dindirmirsinizsə, nə qədər məhkəmə istəyirsiniz, keçirin, nə olsun?!'


Fazil Qasımov
Fazil Qasımov

İqtisadçı professor Qubad İbadoğlunun həbsindən 10 gün sonra İstanbul Universitetinin Türkiyədən gətirilən və eyni cinayət işində təqsirləndirilən doktorantı Fazil Qasımov indi onun məhkəməyə gəlməsini istəyir. Q.İbadoğlu azadlığa buraxılandan bir müddət sonra onun haqqında cinayət işi də ayrılsa da, F.Qasımov iqtisadçı alimin gəlib sualları cavablamasını vacib sayır. O, tələbini Q.İbadoğluyla əlbirlikdə suçlanmasıyla əsaslandırır Cinayət işində iddia olunur ki, Türkiyədə Q.İbadoğluya 21 min dollar saxta pul verib, o da həmin pulları Azərbaycana gətirib.

F.Qasımovun vəkili Fuad Ağayevin fikrincə, Q.İbadoğlunu dindirmədən məhkəmə bu iş üzrə qərar çıxara bilməz. Vəkil müvəkkili haqqında cinayət işinin heç bir hüquqi əsas olmadan ayrıldığını vurğulayıb.

"Bu məhkəmədə Qubad İbadoğlunun adını çəkməyən adam qalmayıb. İstər təqsirləndirilən şəxslər, istər şahidlər... Siz Qubad İbadoğlunu çağırıb dindirmirsinizsə, nə qədər məhkəmə istəyirsiniz, keçirin, nə olsun?!", - F.Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsində belə deyib.

Prokuror Q.İbadoğlunun çağrılıb dindirilməsinə ehtiyac görmədiyini bildirib. Hakimlər də vəsatəti təmin etməyib.

Vəkil Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində F.Qasımovun işi üzrə ilkin təhqiqat və istintaqı aparmış müstəntiq və təhqiqatçının məhkəmədə dindirilməsi, müvəkkilinin tutulandan sonra Türkiyədən Azərbaycana gətirilərkən yanında kimlərin olması məsələsinin araşdırılması barədə də vəsatətlər verib. Bu vəsatətlər baxılmamış saxlanılıb.

Məhkəmə prosesi davam edir.

Doktorantı təhdid edirlər?

F.Qasımovla birlikdə Anar Əliyev adlı şəxs də mühakimə olunur. O, ötən məhkəmə iclaslarından birində ifadə verərkən iddia edib ki, üstündən və evindən tapılan saxta valyutanı ona Q.İbadoğlu vermişdi. O, istintaqda da iqtisadçının əleyhinə ifadə vermişdi. Q.İbadoğlu hələ o zaman bildirmişdi ki, bu şəxslə əlaqəsi olmayıb, onu şərləmək üçün həmin şəxsdən yararlanırlar.

F.Qasımovun ailəsi onun təhdid olunduğunu deyir. Bu barədə AzadlıqRadiosuna Nazim Qasımov bildirib ki, qardaşı F.Qasımovu fiziki zorakılıq və məhv etməklə hədələyiblər. Onun sözlərinə görə, yanvarın 25-də ailə üzvləriylə telefon danışığında F.Qasımov özü bu bilgini verib: "Fazil Qasımov yanvarın 24-də məhkəmə iclası başa çatandan sonra Anar Əliyevin təzyiq və təhdidlərinə məruz qalıb. Məhkəmədə vəkillərin verdiyi suallar onu əsəbiləşdirmişdi. Tələb eləyib ki, vəkillərindən imtina eləsin, yoxsa onu məhv elətdirəcək".

N.Qasımov qardaşının güvənliyi baxımından narahat olduğunu da sözlərinə əlavə edib.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə həbs edilib.

Onun saxlandığı gün təşkilatın ofisində axtarış aparılmış, 40 min dollar pul tapıldığı və bunun bir bölümünün də saxta olduğu iddia edilmişdi.

Təqsirləndirilən professor bu pulları ofisə elə hüquq-mühafizə orqanları əməkdaşlarının atdığını söyləmişdi.

İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilmişdi. O bu ittihamı da qəbul etmir, cinayət işində yazılanların yalan olduğunu deyir.

Q.İbadoğlunun tanışı olan Fazil Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və bir neçə ay sonra onunla bağlı cinayət işi ümumi işdən ayrılıb. O, həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi partiyanın ADR-in fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.

XS
SM
MD
LG